Powered By Blogger

суббота, 2 июля 2011 г.

Görəsən belə bir gün gələcəkmi...?


   Yaxın bir dostumun kiçik həcmli, amma böyük və dərin məzmunlu yazısını oxudum bu yaxınlarda, oxudum və yenə də çoxumuzu düşündürən məsələlər haqqında bir daha düşünməyə başladım.
  Doğma dilimizdə ən geniş yayılan sözlər - rüşvət, "hörmət" sözü altında gedən yenə də bu rüşvət, "tapş" slenqi altında iki istiqamətdə fəaliyyət göstərən həm rüşvət, həm tanış-qohum və ya day-dayı əlaqələri... Bir biləydim görəsən bunun sonu olacaqmı?! Düzünü desəm heç inanmıram.. Hər tərəfdə KİV bar-bar bağırır demokratik ölkə, yazılan qanunlar, nəbilim yerinə yetirilən vədlər...Bir onu da desəydilər ki, bu yerinə yetrilən vədlər görəsən nəyin bahasına başa gəlir...kimin daxması sökülür, kimin işlədiyi məkan dağıdılır...Yox, əsla düşünməyin ki, mən şəhərin abadlaşmasına qarşı çıxıram,  əsla! Dediyim odur ki, bu sökülən daxmanın əvəzinə bu yazıq camaatı aldadıb qəpik-quruş verirlər ki, gedib özünə möhtəşəm bir ev alacaq... guyaki... və ya tikəcək? Nə ev?! O verilən pula möhtəşəm tikiləcək AĞ ŞƏHƏRin kiçik bir küncünü də ala bilməz bu yazıq millət… Hərşey turistlər üçün – bizimkilərə beduinlərə baxan turistlər və ruslar demişkən «не для обычных смертных» olan fərdlər üçündür. Vallah belə görürəm turistlər AĞ ŞƏHƏRin gözəlliyinə yox, buralarda acından dolaşan AĞ RUHLARA tamaşa etməyə gələrər bundan sonra...
  Azərbaycan dilinin ən aktual, ən çox istifadə edilən sözlərindən bir neçəsini sadaladım yuxarıda, düşünürəm görəsən ele bir gün olacaqmı ki, bu sözlər itəcək, arxaik olacaq? Bu günü görəsən görəcəyikmi biz? 
  Rüşvət - çox dərin mənalı sözdür, həddindən artıq. Bu sözsüz bir günümüz də olmasın.
  Hörmət - kaş bu sözü ümumən doğma dilimizdən çıxarardılar, heç ekvivalentinidə fikirləşmək lazım deyil. Ehtiyac da yoxdur buna. 
  Dostum demişkən bu sanki gözəl bir yuxuya bənzəyir. Azərbaycanda olasan, özüdəki "hörmət" etmədən, rüşvət vermədən yaşayasan? Azərbaycanda... yazdıqlarıma inanmağım da gəlmir... Bəlkə də bu yazını oxuyanlar nədəsə qınayacaqlar məni, amma hərdən düşünürəmki, bu hakimiyyət dağılandan sonra digərləri hakimiyyətə gəlsə onlar yəni rüşvət almayacaqlar? Öz qohum-əqrabalarını işlədiyi yerlərə namizəd götürməyəcəklər? Bu axı bizimkilərin qanındadır, yəni bunu kimsə dəyişə bilər? Dəyişsə belə bu hansı yüz illikdə baş verə bilər...?

  Başlıcası odur ki, xırda addımlarla getsək də yolumuz bir və düz olsun! Sorasını da yaşayıb görərik...

  Bu fikirlərimi dostumun yazısı ilə yekunlaşdırıram bu günlük:
  "Nə əcəb Qarabağ yenə bizdədir və cavanlar hərbi xidmətdən qaçmır... Nə əcəb işıqlıdır gecə hər küçə, gec işdən çıxan evə gedir ürəklə... Nə əcəb həkimlər müalicəyə başlayır, öldürmür xəstəni pulu gözləməklə... Nə əcəb dustaqların sayı azalıb və göz yaşı gəlsə gəlir ancaq sevincdən... Bax gör necə şəhərimiz gözəlləşib və əcnəbi bizə daha yuxarıdan baxmır...Televiziya yenə maraqlı olub, her yerindən duran siyasət haqqda danışmır... Nə əcəb birimiz qabağa gedəndə qalanları paxıllıqdan yanıb alışmır... Nə əcəb yol müfəttişi sürücünü pula görə saxlayıb qəza yaratmır..Görəsən doğurdan hər şey gözəldir və hakimiyyətin daha nöqsanı yoxdur?!..." 
və sonda da görəsən rahat nəfəs alıb deyəcəyik ki - Ölmədik, bu günü də gördük! Görəsən belə bir gün gələcəkmi...?